İQTİSADİYYAT
“Qazanbulaq-Ziyadxan” sahəsində seysmik-kəşfiyyat işləri davam etdirilir
Bakı, 28 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geofizika və geologiya idarəsinin “Kəşfiyyatgeofizika” istehsalat bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qazanbulaq-Ziyadxan” sahəsində 3 D seysmik kəşfiyyat işlərini uğurla davam etdirir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, işlər “Qazanbulaq-Ziyadxan” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır. Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.
Gəncə neftli-qazlı rayonunda yerləşən 100 kvadrat kilometrlik həmin sahədə işlərin artıq 85 faizi yerinə yetirilib. Seysmik-kəşfiyyat işlərinin gələn ay başa çatdırılması nəzərdə tutulur. Çöl işləri zamanı əldə ediləcək materiallar emal və interpretasiya olunacaq.