Qazaxda avtovağzal ərazisində dörd partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də saat 12:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunda Bakı küçəsi-28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri tərəfindən həmin ünvanda avtovağzal ərazisinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dörd partlamamış hərbi sursat (2 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd PQ-7 raketinin gücləndiricisi və 1 ədəd VOQ-25) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 4-dək 2406 partlamamış hərbi sursat, tank əleyhinə iki mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 43 min 115 kvadratmetr ərazi yoxlanılıb.