İQTİSADİYYAT
Qazaxda iqtisadiyyatın bütün sahələrində irəliləyiş nəzərə çarpır
Qazax, 18 iyul (AZƏRTAC, Famil Quliyev). İyulun 18-də Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi.
AZƏRTAC xəbər verir ki, hesabat məruzəsində cari ilin birinci yarısının bütövlükdə rayon üçün də uğurlu olduğu diqqətə çatdırıldı.
Bildirildi ki, 6 ayda rayonda əsas kapitala yönəldilən investisiyaların və ümumi məhsul buraxılışının həcmi 1,5 faiz çoxalıb. Bu artım sənaye məhsullarının həcmində 6,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalında 4,8 faiz olub. Adambaşına düşən ümumi məhsulun həcmi 567 manata, orta aylıq əmək haqqı isə 235 manata çatıb. Birinci yarımildə 16 müəssisə yaradılıb, 560 yeni iş yeri açılıb. Məşğulluq mərkəzinə müraciət edən 500 nəfər vətəndaşdan 259 nəfəri iş axtaran kimi qeydiyyata alınıb, 68 nəfəri münasib işlə təmin olunub.
İllik istehsal gücü 1 milyon ton olan Qazax sement zavodunun birinci hissəsində tikinti işləri başa çatmış, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. İyirmi altı min nəfər əhaliyə xidmət edən, 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi başa çatdırılıb. Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq 180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa-gücləndirmə işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazax şəhərində hər biri 100 yerlik iki uşaq bağçasının tikintisi, Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sisteminin quraşdırılması işləri sürətlə davam etdirilir.
Cari ilin 6 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bir sıra işlər görülüb, məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə dövlət vəsaiti hesabına 542 min 120 manat yardım hesablanaraq sənədlər yardım komissiyasına verilib. Rayonda 7 min 880 hektar sahənin taxılı optimal müddətdə yığılıb, məhsuldarlıq 25,6 sentnerə çatdırılıb.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan tikinti-abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.