SİYASƏT
Qazaxıstanın Atırau vilayətində Azərbaycanlı Gənclər Təşkilatı yaradılmışdır
Atırau, 26 may (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu və Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu-ASAİF-in Qazaxıstan üzrə nümayəndəsinin təşkilatçılığı ilə Atırau vilayətində yaşayan azərbaycanlı gənclərin toplantısı keçirilmişdir.
Yığıncaqda ASAİF-in Qazaxıstan üzrə nümayəndəliyinin rəhbəri, Aktaudakı Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Əli Əliabbasov Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat vermiş, xaricdə təhsil alan və çalışan azərbaycanlı gənclərlə sıx əlaqələrin möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışmışdır.
Əli Əliabbasov ASAİF-in fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Demişdir ki, bu vilayətdə fəaliyyət göstərən xarici şirkətlərdə çoxsaylı azərbaycanlı gənc mütəxəssis çalışır. Məhz bunu nəzərə alan Ə.Əliabbasov Atırauda Azərbaycanlı Gənclər Təşkilatının (AGT) yaradılmasını təklif etmişdir.
Toplantıda iştirak edən gənclər bu ideyanı dəstəkləmiş, yekdilliklə Atırau vilayətində Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasına səs vermişlər.
Gənclərin təşəbbüsü ilə təşkilatın strukturu, məram və məqsədləri müəyyənləşdirilmiş, “United electroniks” şirkətinin maliyyə müdiri Gündüz Məmmədli AGT-nın sədri seçilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau