CƏMİYYƏT
Qazi: Müharibə iştirakçıları dövlətin qayğısını hər zaman hiss edirlər
Bakı, 19 iyul, AZƏRTAC
Ötən ilin martında avtomobil şinlərinin təmiri və bərpası üçün aktivlər almaq məqsədilə özünüməşğulluq proqramına müraciət etdim. Təlimlərdə iştirak etdim və qiymətləndirmədən uğurla keçdim. Nəhayət ki, aktivlərlə təmin edildim. Bunun üçün Dövlət Məşğulluq Xidmətinə minnətdaram. Qazilər, müharibə iştirakçıları dövlətin qayğısını hər zaman hiss edirlər. Hər şey göz önündədir. Digər qazilərə məsləhətim odur ki, özünüməşğulluq proqramına qoşulsun, öz gələcək biznes planları üzərində işləyib karyeralarını qursunlar.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi Vüsal İbrahimov deyib.
44 şərəfli günün iştirakçılarından olan Vüsal Füzuli və Cəbrayıl rayonları, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib: “Vətən müharibəsi başlayanda könüllü olaraq ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərə yollandım. Təəssüf ki, müharibənin otuz üçüncü günü Hadrutda qəlpə yarası aldım. Çox istəsəm də, döyüşü davam etdirə bilmədim. Otuz üç gün ərzində savaş meydanında həm sevinc, həm kədər, həm qürur hisslərini bir yerdə yaşadım. Qazandığımız qələbələr məni sevindirsə də, hər qarış uğrunda gedən gərgin döyüşlər zamanı ağır yaralanan, şəhid olan silahdaşlarıma görə qəlbim göynəyirdi. Elə oğulların məqamı yüksək olsa da, itkisi hər birimiz, xalqımız üçün çox ağırdır. Şükürlər olsun ki, çıxdığımız yoldan alnıaçıq, üzüağ geri döndük”.