İQTİSADİYYAT
Qəbələ rayonunun yolları yenidən qurulur
Qəbələ, 7 mart (AZƏRTAC). Qəbələ şəhərində küçələrin və kənd yollarının asfaltlaşdırılması işləri uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Qəbələ şəhəri ilə beynəlxalq hava limanını birləşdirən 22 kilometr uzunluğunda I dərəcəli avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bundan əlavə şəhərin İ.B.Qutqaşınlı, Elçin Kərimov, 28 May, Abbas Səhhət küçələrinin hərəkət hissəsi genişləndirilmiş, yağış sularının axıdılması üçün yeraltı kanal çəkilmiş, bu küçələrin ümumilikdə 8,1 kilometrlik hissəsi asfaltlaşdırılmış, səkilər tikilmiş, küçə və səkilərin kənarında müasir işıqlandıma dirəkləri quraşdırılmış, bina və obyektlərin fasad hissəsi üzlənmiş, küçə ətrafı hasarlar yenisi ilə əvəz edilmiş, yaşıllıqlar salınmış, ağaclar və gül kolları əkilmiş, binaların görkəmsiz dam örtükləri dəyişdirilmişdir
Vəndam-Qəbələ avtomobil yolundakı istinad divarları qaya daşı ilə üzlənmişdir.
Bundan əlavə, Qəbələ-Bum-Qəmərvan avtomobil yolunun 2,8 kilometrlik, Mirzəbəyli-Çuxur Qəbələ yolunun 3,4 kilometrlik hissəsinə yeni asfalt örtüyü döşənmişdir. Son bir ildə rayonda 15 kilometr yolda 1 milyon 51,6 min manatlıq təmir və yenidənqurma işləri yerinə yetirilmişdir. Həmçinin, Qəbələ rayonu ərazisindən keçən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun asfaltlanması işləri başa çatdırılmış, yolun 47-68-ci kilometrliyində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 465 siqnal dirəyi basdırılmışdır.