REGİONLAR
Qəbələdə arıçılıqla məşğul olan fermer Azərbaycanda ilk dəfə olaraq lafant və faselia bitkilərinin əkinini həyata keçirmişdir
Qəbələ, 12 aprel (AZƏRTAC). Qəbələ rayonunda arıçılıqla məşğul olan fermerlərdən biri ilk dəfə olaraq məhsuldar yem bitkisi olan lafant və faselianın (arı otu) əkinini həyata keçirmişdir. Rayonun Çarxana kəndində arıçılıqla məşğul olan fermer Murad Məmmədov AZƏRTAC-a müsahibəsində bu sahədə məhsuldarlığın artırılması üçün ABŞ, Ukrayna və Belarusdan olan arıçıların təcrübəsini ölkəmizdə tətbiq etməyə başladığını bildirmişdir. O, bunun üçün ölkəmizə ilk dəfə olaraq lafant bitkisinin toxumunu gətirərək səpin apardığını və hazırda 7 hektar sahə üçün şitil yetişdirdiyini söyləmişdir. Hər hektara 8 kiloqram toxum səpən fermer 20 gündən sonra həmin şitillərin əkinini həyata keçirəcəkdir. Səkkiz illik yem bitkisi olan lafant payızadək çiçəkləyir və arı ailələri onun bir hektarından 800 kiloqramadək bal toplaya bilir. Lafantın yarpaqlarından ağciyər, prostat vəzi, böyrək xəstəliklərinin müalicəsində də istifadə olunur.
M.Məmmədov bununla yanaşı, ölkəmizdə ilk dəfə olaraq məhz Qəbələdə 27 hektar sahəyə faselia toxumunun səpinini aparmışdır. Fermer hər hektara 12 kiloqram toxum səpdiyini və arı ailələrinin hər hektar arı otundan 200-300 kiloqram şirə toplayacağını demişdir. Hazırda təsərrüfatında “Boz Qafqaz” sortundan 114 arı ailəsinin mövcudluğunu qeyd edən fermer qarşıdakı illərdə əsasən məhsuldarlığın artırılmasına çalışacağını diqqətə çatdırmışdır. Bunun üçün o, faselia və lafantla yanaşı, esparset (xaşa) bitkisinin əkininə də başlamışdır. Bu il bir hektar sahədə xaşa səpini aparan fermer bunun gələn il 8 hektara çatdıracağını bildirmişdir. O, bir hektar sahəyə 80 kiloqram toxum səpmişdir. Fermer arı ailələrinin xaşa sahələrinin hər hektarından 400 kiloqram şirə toplayacağına ümid edir. Fermer arı ailələrini tez-tez yük maşını vasitəsilə meşəyə yaxın əraziyə, yəni keyfiyyətli bal üçün təbii şirə mənbəyi olan cökə və akasiya ağaclarının, qanqal və qaratikan bitkilərinin mövcud olduğu yerlərə aparır. Cəmi 10 gün ərzində şirə verən və yağışdan sonra çiçəkləri solan bu ağac və bitkilərdən fərqli olaraq yağışa qarşı dözümlü olan lafant, faselia və xaşa bitkiləri 45 gündən artıq şirə vermək imkanına malikdir. Ötən il hər arı ailəsi 17 kiloqram bal verdiyi halda fermer cari ildə hər təknədən 50-60 kiloqram, ümumilikdə isə 6 tona yaxın bal toplayacağını nəzərdə tutmuşdur. Murad Məmmədov rayonda arıçılığın inkişafı üçün məhsuldar bitki toxumlarının və müxtəlif çeşiddə bal məhsullarının satışı üçün “Qəbələ Bal Evi”nin açılması istiqamətində işlərə başlamışdır.