Qəbələdə kikboksinq üzrə birincilikdə 270 idmançı mübarizə aparıb
Qəbələ, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ - İdman Paytaxtı 2025” layihəsi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kikboksinq idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Qəbələ “Fərhad” İdman Klubunun açıq birinciliyi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ “Fərhad” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə respublikanın 10 rayon və şəhərindən 25 klub, ümumilikdə, 270 idmançı iştirak edib. Gərgin, peşəkar və rəqabətli mübarizə şəraitində keçən yarış gənc kikboksçuların bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkan yaradıb.
Yarışın yekunlarına əsasən, komanda hesabında Qəbələ “Fərhad” Kikboksinq Klubu birinciliyin qalibi olub. “Sensey” və “İsmayıllı XTQ” Kikboksinq klubları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib gələn idmançılar diplom, medal və kuboklarla təltif olunublar.