MƏDƏNİYYƏT
Qəbələdə mürəbbə festivalı keçiriləcəkdir
Qəbələ, 23 avqust (AZƏRTAC). Avqustun 24-25-də Qəbələdə Azərbaycan mədəniyyətinin və milli kulinariyasının təbliği məqsədilə ilk dəfə olaraq birinci Qəbələ mürəbbə festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq festival Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin ərazisində təşkil olunacaqdır.
Festivalla bağlı 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Komitənin təkliflərinə əsasən, 11 nəfərdən ibarət münsiflər heyətinin üzvləri qiymətləndirmədə iştirak edəcəklər. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil olacaqlar.
Festivalda Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarından 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, həmin şəhər və rayonların bədii kollektivləri və s. iştirak edəcəklər.
Qaydalara əsasən hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilər.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışına şərait yaradılacaqdır. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları təşkil ediləcəkdir.