RƏSMİ XRONİKA
QƏZA VƏZİYYƏTİNDƏ OLAN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN YENİ BİNALARIN TİKİLMƏSİ VƏ BİR SIRA MƏKTƏBLƏRDƏ ƏSASLI TƏMİR İŞLƏRİNİN APARILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Dövlət siyasətinin prioritet istiqaməti kimi Azərbaycanda təhsil daim diqqət mərkəzindədir. Məqsədli proqramlar çərçivəsində ölkədə təhsil sahəsində islahatlar həyata keçirilir və onun maddi-texniki bazası möhkəmləndirilir. Dövlətin təhsil konsepsiyasına uyğun olaraq respublikanın bütün regionlarında yeni məktəblərin tikilməsi, mövcud məktəblər üçün əlavə korpusların inşası geniş vüsət almışdır. Həmin müəssisələrin müasir avadanlıqlarla təchiz edilməsi, onların maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması şagirdlərin təlim şəraitini köklü şəkildə yaxşılaşdırmışdır.
Bununla belə, aparılmış təhlillər respublikada bir sıra ümumtəhsil məktəblərinin qəza vəziyyətində olmasını meydana çıxarmış, yeni binaların tikintisinə, mövcud binalarda təxirə salınmadan bərpa və əsaslı təmir işlərinin aparılmasına ciddi ehtiyac olduğunu müəyyən etmişdir. Qəza vəziyyətində olan məktəblər üçün yeni binaların tikilməsini və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılmasını sürətləndirərək 2007-ci ildə başa çatdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə qəza vəziyyətində olan bir sıra ümumtəhsil məktəblərinin yeni binalarının tikilməsi, mövcud binalarda bərpa və əsaslı təmir işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 14,0 milyon (on dörd milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2007-ci il.