DÜNYA
QİÇS-in yayılmasına qarşı uzun müddət mübarizə aparan 95 yaşlı çinli həkim dünyasını dəyişib
Bakı, 14 dekabr, AZƏRTAC
1990-cı illərdə Çin hökumətinin təzyiqləri qarşısında ölkəsində QİÇS əleyhinə mübarizə aparan və onu yayanları ifşa edən tanınmış həkim Qao Yaojie 95 yaşında vəfat edib.
AZƏRTAC “The Independent” agentliyinə istinadla xəbər verir ki, QİÇS fəalı 2009-cu ildən mühacirətdə yaşadığı ABŞ-ın Nyu-York şəhərində dünyasını dəyişib.
Mərhum ginekoloq 1990-cı illərin sonunda minlərlə insanı HİV-ə yoluxduran qan banklarına qarşı mübarizə aparması ilə məşhurlaşıb.
1927-ci il dekabrın 19-da anadan olan Qaonun ailəsi Henan əyalətində yaşayıb. Həmin Henan ki, bir vaxtlar əhali ehtiyac üzündən qanını satmağa məcbur idi və bu əyalətdəki qan toplama mərkəzlərində heç bir təhlükəsizlik tədbirləri görülmürdü. Bu da istər-istəməz QİÇS də daxil olmaqla, sifilis, hepatit, vərəm və digər ciddi xəstəliklərin yayılmasına gətirib çıxarırdı.
Bununla bağlı ilk həyəcan siqnalı 1996-cı ildə Pekində yerləşən xüsusi xəstəxanada Henandan gələn plazmanın HİV-ə yoluxduğu aşkar edildikdə çalındı. Tam məxfilik şəraitində qan toplama mərkəzlərinə daha sərt nəzarət tətbiq olundu və bəziləri bağlandı. İnsanlar bu haqda heç nə bilmirdilər, mediaya isə bununla bağlı məlumat yaymağa imkan vermirdilər.
Bu ciddi məsələni insanlara və dünyaya çatdıran məhz 70 yaşlı ginekoloq həkim Qao Yaojie oldu. Qanköçürmə zamanı xəstələrindən birində QİÇS diaqnozu qoyulduqdan sonra o, bir qrup könüllünün köməyi ilə kəndlərdə, stansiyalarda, barlarda, dispanserlərdə və ailələrdə oldu, maarifləndirici vərəqələr paylayaraq Henanın qan biznesini ifşa etməyə başladı. Həmin vaxtlar iki milyondan artıq insan QİÇS-ə yoluxmuşdu.
Qao Yaojie izlənərək təzyiqlərə məruz qalsa da, təslim olmadı və mübarizəsini axıra qədər davam etdirdi.
O, sonralar ABŞ-a köçərək, orada yaşayıb.