CƏMİYYƏT
Qısa müddətdə dəfələrlə “omikron”a yoluxmaq mümkündür
Bakı, 13 yanvar, AZƏRTAC
Yeni növ koronavirusun (COVID-19) “omikron” ştamı daha sürətlə yayılma xüsusiyyətinə malik olsa da, öldürücülük qabiliyyəti daha aşağıdır. Lakin bu, arxayınlaşmaq və xəstəliyə biganə yanaşmaq üçün əsas vermir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədovun dediyinə görə, ştamlar bitməyəcək və hələ çox yeni mutasiya növlərinin aşkarlanması barədə xəbərlər eşidəcəyik, hətta ikili yoluxmalar da ola bilər: “Bir nəfər COVID-19-un iki ştamına eyni vaxtda yoluxa bilər. “Omikron”un əvvəlki ştamlardan fərqli olaraq, çox yüksək yoluxdurucu olduğu üzə çıxıb. Tədqiqatlar göstərir ki, bir insan qısa müddətdə dəfələrlə “omikron”a yoluxa bilər. Bu, o deməkdir ki, virusun yoluxduruculuq imkanı, yəni onun səthlərdə, müxtəlif əşyalar üzərində qalma müddəti daha çoxdur”.
Artıq Almaniya, Çin, Niderland və Avstriyada “omikron” ştamı ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Mütəxəssis-ekspert karantin rejiminin sərtləşdirilməməsi ilə əlaqədar vacib olan tədbirlərdən də danışıb: Məhdudiyyətlərin tətbiq olunması haqqında danışmaq bir qədər çətindir. Ölkəmizdə mövcud olan praktikadan istifadə edərək məhdudiyyətlər tətbiq edilmədən bu mərhələni keçirmək olar. Təbii ki, əhali arasında məsuliyyətsiz halları - maska taxmaq, gigiyenik tələblərə əməl etmək, sosial məsafəni gözləmək - çoxalarsa və yoluxmaların sayı ciddi şəkildə artarsa, onun tətbiq edilməsi zəruri olacaq. Ona görə də “buster” dozanın vurulması çox vacibdir”.
Deməli, yenə dəyişməz qayda - üç “qızıl şərt” və ən vacibi “buster” dozanı vurdurmaq öz aktuallığını qoruyur.