İQTİSADİYYAT
Qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramının və “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin icra vəziyyəti müzakirə olunmuşdur
Bakı, 30 yanvar (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının və “Kapital bazarlarının müasirləşdirilməsi layihəsi”nin icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə kollegiya iclası keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, iclasda QKDK-nın sədri Rüfət Aslanlı Dövlət Proqramının əhəmiyyətindən danışaraq, son illər ərzində qiymətli kağızlar bazarında kifayət qədər yeniliklər baş verdiyini bildirmişdir. R.Aslanlı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası məqsədi ilə hazırlanmış Fəaliyyət Planının “Kapital bazarlarının müasirləşdirilməsi layihəsi” vasitəsi ilə həyata keçirildiyini vurğulamışdır. Sədr layihənin effektiv idarə edilməsi üçün geniş beynəlxalq ekspertiza və xarici məsləhət xidmətilərinin cəlb olunduğunu demişdir.
Sonra növbəti dövr ərzində layihənin və onun komponentlərinin idarə edilməsi, koordinasiyası və strukturunun optimallaşdırılması məsələləri ilə bağlı geniş təqdimat keçirilmişdir.
İclasın sonunda komitə sədri “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının, habelə “Kapital bazarlarının müasirləşdirilməsi layihəsi”nin növbəti dövr ərzində effektiv icrasının təmin edilməsi və səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.