İQTİSADİYYAT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ İLƏ BANK TƏDRİS MƏRKƏZİ ARASINDA ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANMIŞDIR
Bakı, 21 fevral (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Azərbaycan Bank Tədris Mərkəzi arasında strateji tərəfdaşlığa dair əməkdaşlıq sazişi imzalanmışdır.
Sazişin əsas məqsədi ölkəmizdə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi istiqamətində birgə təlim-tədris proqramlarının, maarifləndirmə tədbirlərinin, məsləhət xidmətlərinin, tədqiqat və araşdırmaların həyata keçirilməsindən ibarətdir.
Saziş çərçivəsində tədris və maarifləndirmə istiqamətində QKDK-nin əməkdaşlarının və qiymətli kağızlar bazarının iştirakçılarının bilik və bacarıqlarının artırılması üzrə tədris proqramlarının, səhmdar cəmiyyətlərində korporativ idarəetmə sistemlərinin tətbiqini stimullaşdıran təşviqedici tədbirlərin, vətəndaşların və potensial investorların qiymətli kağızlar bazarı və onun alətləri barədə maarifləndirmə işlərinin, həmçinin birgə forumların, konfransların, seminarların və dəyirmi masaların təşkil edilməsi nəzərdə tutulur.
Əməkdaşlıq sazişi, eyni zamanda, qiymətli kağızlar bazarının inkişafına yönəldilmiş strateji inkişaf məsələləri üzrə tədqiqatların aparılması, qiymətli kağızlar bazarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, həmçinin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının sertifikatlaşdırılması işinin təkmilləşdirilməsi istiqamətində birgə məsləhətləşmələrin aparılması məsələlərini əhatə edir.