İDMAN
QIZIL AYPARA CƏMİYYƏTİ YARADILMASININ 90 İLLİYİ NİZAMİ RAYONUNDA QEYD EDİLMİŞDİR
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) yaradılmasının 90 illiyi Nizami rayonunda qeyd edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü onünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Yubiley mərasimində Nizami rayonu İcra hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsinin sədri Rəna İbrahimova, Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin ümumi məsələlər üzrə mudir müavini Hənif Qurbanov çıxış etmişlər. Natiqlər Qızıl Aypara Cəmiyyətinin humanizm, neytrallıq, müstəqillik, könüllülük, tarixi birlik və universallıq prinsiplərinə söykənən fəaliyyətinin istiqamətləri barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, müstəqillik və demokratikləşmə yolunda inamla irəliləyən, dünya birliyində sivil, mədəni bir ölkə kimi tanınan Azərbaycanın ictimai həyatında xüsusi rol oynayan qeyri-hökumət təşkilatları arasında Qızıl Aypara Cəmiyyəti əhəmiyyətli yer tutur. Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin əsası Azərbaycan xalqının iftixarları olan Əliağa Şıxlinski və Fətəli xan Xoyski tərəfindən 1920-ci il martın 10-da qoyulmuşdur. AQAC 1995-ci ildən Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tərkibinə daxildir. Zəngin tarixi olan AQAC həm keçmiş sovet, həm də müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Məhz ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə AQAC milli cəmiyyət statusu almışdır. 2004-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı və 2007-ci ildə qəbul edilmiş “Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun ilə AQAC-a dövlət qayğısı yeni mərhələyə qədəm qoymuşdur. Hazırda onun 200 mindən çox üzvü və minlərlə könüllüsü vardır.
AQAC respublikamızda ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biri kimi fundamental prinsipləri rəhbər tutaraq, beynəlxalq humanitar hüquq normaları çərçivəsində peşəyə, yaşa, milli və dini mənsubiyyətə, siyasi əqidəyə fərq qoymadan, münaqişə və təbii fəlakətlər zamanı zərərçəkmişlərə, qaçqın və məcburi köçkünlərə, bir sözlə, insanların qayğıya həssas təbəqəsinə təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlər göstərir.
Tədbirdə AQAC rayon şöbəsinin fəaliyyətində yaxından iştirak etmiş bir qrup fəala təşkilatın fəxri fərmanları təqdim olunmuşdur.
######