CƏMİYYƏT
QUBA RAYONUNDA DAĞ YƏHUDİLƏRİNİN YIĞCAM YAŞADIĞI QIRMIZI QƏSƏBƏDƏ SİNAQOQ ƏSASLI ŞƏKİLDƏ TƏMİR OLUNMUŞDUR
Bakı, 4 oktyabr (AZƏRTAC). Quba rayonunda dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə 200 yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bununla bağlı mərasimdə Milli Məclisin deputatları, İsrailin ölkəmizdəki səfirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim yəhudilərin dini kitabı olan Tövratın sinaqoqa musiqi sədaları altında gətirilməsi ilə başlanmışdır. Mərasimdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sinaqoqun yenidən istifadəyə verilməsi münasibətilə burada yaşayan yəhudiləri təbrik etmişdir. Azərbaycanın tarixən tolerant ölkə olduğunu deyən komitə sədri ölkəmizdə dini azlıqlara hər zaman hörmət və ehtiramın bəslənildiyini, həmçinin onların hüquqlarının qorunması sahəsində son illər görülən işlərdən danışmışdır.
Çıxış edən natiqlər bütün millətlərin Azərbaycanda dinc, bərabər şəkildə yaşadığını vurğulamışlar. Sinaqoqda dağ yəhudilərinin sərbəst ibadət etmələri, özlərinin milli adət-ənənələrini qorumaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunmuşdur. Azərbaycanlıların maddi və fiziki köməyi ilə ərazidə bir-neçə sinaqoqun inşa edildiyi və hazırda Qırmızı qəsəbədə üç sinaqoqun fəaliyyət göstərdiyi də diqqətə çatdırılmışdır.