Qusar rayonu üzrə 22 min hektardan çox əkin sahəsi bəyan olunub
Qusar, 22 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda payızlıq və çoxillik əkinlərin bəyan prosesi davam edir. Ümumilikdə indiyə kimi rayon üzrə 22 min 428 hektar əkin sahəsi bəyan olunub.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilən bəyanların 43 faizi (8467 bəyan) çoxillik əkmələrə, qalan hissəsi isə payızlıq əkinlərə aiddir.
Fermerlər əkin sahələrinə dair torpaq sənədlərini və əkin məlumatlarını EKTİS-ə daxil edərkən qarşılaşdıqları texniki və prosedur məsələlər üzrə Qusar DAİM-də yerində məsləhət, istiqamətləndirmə və praktiki kömək alırlar. Mərkəzin mütəxəssisləri fermerləri sistemdən düzgün istifadə qaydaları, əkin növlərinin düzgün qeydiyyatı və subsidiya mexanizmləri barədə ətraflı məlumatlandırır, bu da bəyan prosesinin şəffaf və vaxtında tamamlanmasına imkan yaradır.
Payızlıq əkinlərin EKTİS-də bəyanı 30 dekabr tarixində başa çatacaq.