REGİONLAR
Qusar rayonunun dörd kəndində suvarma kanalları yenidən qurulur
Qusar, 17 iyul (AZƏRTAC). Qusar rayonunda dörd kəndin suvarma kanalları yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə “Şahdağ” Sudan İstifadə Edənlər Birliyinin suvarma şəbəkəsinin yenidən qurulmasına 2013-cü ilin fevral ayından başlanılıb. Hazırda dörd istiqamətdə beton kanalların çəkilməsi davam edir.
Uzunluğu 10,5 kilometr olan Gündüzqala su xəttinin çəkilməsi tam yekunlaşıb və kanalda müvafiq qurğular quraşdırılıb. Bədişqala, Aşağı Ləgər və Gədəzeyxur kanallarında isə betonlama işləri sürətlə davam etdirilir. Mənbəyi Cağar-Cibir su kanalı olan yeni xətlərin ümumilikdə 18 kilometrində betonlama işləri yekunlaşıb.
Yeni su kanallarının tikintisinin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.