CƏMİYYƏT
Ramazan bayramı ərəfəsində Nəsimi rayonundakı Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
Bakı, 30 aprel, AZƏRTAC
Bütün ölkə ərazisində olduğu kimi, Nəsimi rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara xüsusi diqqət və qayğı ilə yanaşılır. Rayon icra hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
AZƏRTAC bildirir ki, növbəti belə aksiyalardan biri Ramazan bayramı ərəfəsində keçirilib.
Rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, “Azərbaycan Sənaye Korporasiya” ASC tərəfindən rayonda yaşayan əlillərə, aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.
Ümumilikdə isə bayram ərəfəsində rayon ərazisində yaşayan 1000-dən çox ailəyə bayram sovqatları çatdırılıb.