İDMAN
“Real” komandası Braziliya mundialının ən dəyərli oyunçusunu öz sıralarına cəlb edib
Bakı, 17 iyul (AZƏRTAC). Madridin “Real” komandası Braziliyada keçirilmiş dünya çempionatının ən dəyərli oyunçusu - Almaniya yığmasının və Münxenin “Bavariya” klubunun yarımmüdafiəçisi Toni Kroos ilə altı illik kontrakt bağlayıb.
AZƏRTAC “Kral klubu”nun rəsmi saytına istinadla xəbər verir ki, yeni oyunçunun təqdimatı iyulun 17-də axşam “Santyaqo Bernabeu” arenasında keçiriləcəkdir.
Təzəcə dünya çempionu olmuş bu oyunçunun “Real”a keçməsi 20-30 milyon avroya başa gələcəkdir. Hərçənd, hər iki tərəf 24 yaşlı oyunçunun transferinin maliyyə təfsilatını gizlədir. “Real” klubunda Kroosun məvacibi ildə 6,7 milyon avro (həftədə 130 min avro) olacaq.
“Bavariya”nın rəsmi saytında klubun idarə heyətinin başçısı Karl-Hayns Rummeniqqenin aşağıdakı sözləri sitat gətirilir: “Toni Kroosun Münxendə olduğuna görə ona təşəkkür edirik. Onunla birlikdə böyük uğurlar qazandıq. Ona və ailəsinə Madriddə ən xoş günlər arzulayırıq”.
Ötən bazar günü Braziliyada başa çatmış futbol üzrə dünya birinciliyində Kroos “bundestim”lərin uğurunu təmin edən əsas oyunçulardan biri olub. Kroos mundialda yeddi matçda keçirib, bu matçların birində - mundialın ev sahibləri ilə yarımfinal görüşündə (7:1) rəqib komandanın qapısına iki top vurub. Kroos dünya çempionatının ən dəyərli oyunçusu hesab edilib.
Xatırladaq ki, Almaniya yığmasının yarımmüdafiəçisi 2010-cu ildən “Bavariya”nın heyətində çıxış edirdi.