İQTİSADİYYAT
Regionda bizim məhsullara kifayət qədər tələbat vardır
Bakı, 6 iyun (AZƏRTAC, Nihat Budaqov). “Caspian Oil & Gas-2014” sərgisi bizim üçün ona görə çox maraqlıdır ki, bu tədbir bazarı öyrənməyə, məhsulları təqdim etməyə, yeni əlaqələr qurmağa və potensial sifarişçilərlə saysız-hesabsız görüşlər keçirməyə imkan verir.
Bu sözləri XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin iştirakçısı olan “Tyajpromarmatura” Qapalı Səhmdar Cəmiyyətinin xarici ticarət departamentinin baş meneceri İvan Tropin AZƏRTAC-a müsahibəsində demişdir.
O bildirmişdir ki, təmsil etdiyi şirkət boru kəmərləri üçün armaturlar (fitinqlər), o cümlədən bağlayıcı və pazlı klapanlar, kürəli klapanlar, eləcə də istilik və atom elektrostansiyaları üçün xüsusi armaturlar istehsal edən Rusiya şirkətidir.
Şirkətin ən iri sifarişçiləri arasında “Qazprom”, “Transneft”, “Lukoyl”, “Rosneft”, “Rosenerqoatom” və “Caspian Pipeline Consortium” şirkətləri vardır. Şirkətin istehsal etdiyi məhsullar “Şimal Axını” (“North Stream”) Qaz Boru Kəməri, Şimali Sibir-Sakit okean Neft Boru Kəməri, “Caspian Pipeline Consortium”, Asiya Qaz Boru Kəməri və bir sıra digər irimiqyaslı və məşhur layihələrin inşasında istifadə olunmuşdur.
Biz bu sərgidə hər iki ildən bir iştirak edirik. Regionda bizim məhsullara kifayət qədər böyük tələbat var, çünki, onun əsas istehlakçıları neft-qaz hasilatı və neft emalı ilə məşğul olan şirkətlərdir.