DÜNYA
Regionda sülh, sabitlik və dinamik inkişafın təşviqi Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindəndir

Tbilisi, 20 oktyabr, AZƏRTAC
Regionda sülhü, sabitliyi, mehriban qonşuluq siyasətini və dinamik inkişafı təşviq etmək Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentdə "nazir saatı" formatında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Gürcüstanın cənub qonşularına münasibətdə xarici siyasəti balanslaşdırılmış tərəfdaşlıq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasındakı çıxışını xatırladan İ.Darçiaşvili deyib: “Baş nazir İ.Qaribaşvilinin də dediyi kimi, Cənubi Qafqazı yeni fürsətlər və iqtisadi artım regionuna çevirmək üçün təsirli addımlar atılmalıdır”.
İ.Darçiaşvili Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünün Gürcüstan tərəfindən etimad inşası istiqamətində mühüm təşəbbüs olduğunu qeyd edib.
Bildirib ki, bu təşəbbüs və onun həyata keçirilməsi region üçün vacibdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi