Rəqabətli keçən hərracda 20 nəqliyyat vasitəsi satılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 13-də keçirilən hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 148 sifariş qəbul edilib, bunun 42-si elektron qaydada həyata keçirilib.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.
Budəfəki hərracda Yaponiya istehsalı avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 8000 manat olan “Honda Accord” markalı avtomobilə ən son təklif 2,5 dəfə çox artaraq 20 min manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 8000 manata olan “Toyota Camry” markalı nəqliyyat vasitəsi 15 min 700 manata satılıb.
Sentyabrın 13-də keçirilən hərracda satılan avtomobillər üzrə dövlət büdcəsinə 132 min 350 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/322AdN).
Məlumat üçün bildiririk ki, növbəti hərraclar sentyabrın 27-si, oktyabrın 4-ü və 11-də keçiriləcək. Hərraca səhmdar cəmiyyətlərin səhm paketi, kiçik dövlət müəssisələri və nəqliyyat vasitəsi çıxarılacaq.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.