ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 7-8-də keçirilən fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri www.olimpiada.edu.az saytında yerləşdirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları”na əsasən, olimpiadaların respublika mərhələsinin final turuna müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird və siyahı üzrə 20-ci şəxslə eyni bal toplayan məktəblilər dəvət olunurlar.
Respublika fənn olimpiadalarının final turunda iştirak hüququ qazanan şagirdlərin aprelin 23-dən 27-dək www.olimpiada.edu.az saytında qeydiyyatdan keçmələri xahiş olunur. Final turu mayın 4-dən 6-dək Bakıda keçiriləcək.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.