ELM VƏ TƏHSİL
Respublika üzrə ən yüksək bal toplamış abituriyentlərin üçü Nizami rayonunun ərazisindəki təhsil ocaqlarının məzunlarıdır
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 16-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında I və IV ixtisas qrupları üzrə bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayan rayonun gənc zəkaları ilə görüş keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, görüşdə abituriyentlərə YAP Nizami rayon təşkilatı rəhbərliyinin təbriki və xoş arzuları çatdırılıb.
Bildirilib ki, artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanda ən yüksək nəticə göstərən - 700 bal toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. Həmin 7 abituriyentin üçü Nizami rayonunun ərazisindəki təhsil ocaqlarının məzunlarıdır.
Məlumat verilib ki, Könül Qurbanlı “Zəngi” liseyini, Eltun İbrahimov kimya-biologiya təmayüllü respublika liseyini, Məmməd Hacılı isə Azərbaycan Beynəlxalq Təhsil Kompleksi Beynəlxalq Dədə Qorqud Liseyini bitiriblər.
Vurğulanıb ki, qəbul imtahanlarında ən yüksək nəticəni göstərmək hər bir abituriyent və onun valideynləri üçün qürur hissidir, böyük xoşbəxtlikdir.
Görüşdə sevincini paylaşan Könül Qurbanlı deyib ki, əldə etdiyi nəticəyə görə müəllimlərinə və valideynlərinə minnətdardır. O, əlavə edib ki, dövlətimizin təhsil sektoruna ayırdığı diqqət və qayğı şagirdlərin uğurlarının timsalında özünü göstərir.
Eltun İbrahimov və Məmməd Hacılı isə uğurlarına əmin olduqlarını bildirərək ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Bildirilib ki, dövlətimiz gənclərin inkişafı, onların yeni texnologiyalar, elmin yeni nailiyyətləri ilə yaxından tanışlığı üçün gözəl şərait və imkanlar yaradıb. Təhsil ocaqlarımız kompyuterlərlə təchiz olunub, yüksək təlim-təhsil şəraiti mövcuddur.
Onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirən Nizami rayonunun fəxrləri gələcək abituriyentlərə daha yaxşı oxumağı arzulayıblar.
Valideynlər də öz növbələrində övladlarının bu böyük uğura imza atmaları ilə fəxr etdiklərini bildiriblər.
Görüşün sonunda hər üç abituriyent ailələri ilə birlikdə rayonda keçirilən iftar mərasiminə dəvət olunublar.