İDMAN
“Rəvan”–“Qarabağ” oyunu heç-heçə başa çatmışdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasının altıncı turu çərçivəsində növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Rəvan”ın qonağı olan “Qarabağ” ilk hissədə hesabda geri düşsə də, oyunun sonlarına yaxın Corc Leroyun vurduğu qolla 1 xal qazana bilmişdir. “Rəvan”ın heyətində isə Sebestyan Kastro-Tello fərqlənmişdir.
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bildirmişdir ki, Vladislav Qədirovu “Rəvan”a baş məşqçi təyin olunması münasibətilə təbrik edirəm. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir. Vurduğumuz qol mənim üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik. Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü büruzə verir. Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar.
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov demişdir: “Rəvan”da işləməyimə baxmayaraq, avrokuboklarda “Qarabağ”a azarkeşlik edirdim, Qurban Qurbanovu uğuru münasibətilə təbrik edirəm. “Qarabağ” çempionatımızın ən güclü komandalarından biridir. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı. Hər dəfə baxımlı oyun göstərmək olmur. Fikrimcə, komandam bu günə qədər olan ən yaxşı oyununu göstərdi”.