ELM VƏ TƏHSİL
Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcəkdir
Bakı, 6 avqust (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə avqustun 17-də baza fənləri üzrə və avqustun 18-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 6-dan 15-dək internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün 2 ədəd TQDK-nın virtual ödəmə karti tələb olunur. Ödəmə kartlarını elektron xidmətlər portalında göstərilən internet ünvanlarından əldə etmək olar.
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən namizədlər Azercell, Baksell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaqdır. Sınaq imtahanları Bakı şəhərində keçiriləcəkdir.
Sınaq imtahanına gələrkən namizədlər aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər: şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi.
Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır. Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaqdır.
İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.