ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
Bakı, 27 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsini keçirib.
İmtahan Bakıda və Naxçıvan şəhərində təşkil olunub.
Saat 11.00-da başlanan imtahan saat 13.30-da başa çatıb.
İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.
Namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunub. Hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılacaq. Namizədlər müəyyən edilən müddətdə elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi iyulun 26-da keçirilib.