SİYASƏT
RF FEDERASİYA ŞURASI AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNƏ MÜŞAHİDƏÇİLƏR GÖNDƏRƏCƏKDİR
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov AZƏRTAC-ın Moskva müxbirinə müsahibəsində bildirmişdir ki, Federasiya Şurası Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmək üçün yuxarı palatanın bir qrup deputatını ölkəmizə göndərəcəkdir.
S.Mironov demişdir ki, RF Federasiya Şurası bir qrup müşahidəçi göndərilməsi barədə Azərbaycan tərəfindən dəvət almışdır və Federasiya Şurasının, Dövlət Dumasının deputatlarından ibarət olacaq həmin qrup seçkilər ərəfəsində Azərbaycana gedəcəkdir.
Yuxarı palatanın sədri həmçinin bildirmişdir ki, o, Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara müvafiq surətdə, demokratik prinsiplər əsasında keçiriləcəyinə şübhə etmir. S.Mironovun dediyi kimi, Azərbaycan xalqı ona hansı liderin lazım olduğunu və kimə səs verəcəyini ancaq özü müəyyənləşdirəcəkdir.