CƏMİYYƏT
RF ilə Azərbaycan Qafqazda Ön Asiya bəbiri üçün qoruq yaradacaqlar
Bakı, 11 avqust, AZƏRTAC
Rusiya ilə Azərbaycan Qafqazda adı Qırmızı Kitaba daxil edilmiş bəbirlərin sayını bərpa etmək üçün transsərhəd qoruq yaratmağı planlaşdırırlar. Bu barədə məlumatı Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir: “Rusiya ilə Azərbaycan Qafqazda Ön Asiya bəbirinin populyasiyasını bərpa etmək üçün transsərhəd təbiət qoruğu yaradacaqlar. Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Sergey Donskoy Ön Asiya bəbirinin bərpası üzrə proqramın icrası ilə bağlı müzakirələrin yekunlarına əsasən əlaqədar departamentlərə müvafiq tapşırıq verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, xüsusi mühafizə olunan ərazini Dağıstanda “Tlyaratinski” yasaqlığının və Azərbaycanda Zaqatala qoruğunun tərkibində yaratmaq təklif edilir. “Tlyatarinski” yasaqlığı “Kosobsko-Kelebski” və “Bejtinski” yasaqlıqlarının ona daxil edilməsi hesabına genişlənə bilər. Bu dəyişiklikləri Qafqazda Ön Asiya bəbirinin populyasiyasının bərpası üzrə proqrama daxil etmək planlaşdırılır. Proqram noyabrın 30-na qədər RF Təbii Ehtiyatlar və Ekologiya Nazirliyində təqdim edilməlidir.
Bəbirin Ön Asiya yarımnövü Rusiyanın Qırmızı Kitabına və Nəsli və kökü kəsilməkdə olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət barədə Konvensiyanın (CITES) I Əlavəsinə daxil edilib. Hazırda Qafqazın Rusiyaya məxsus ərazisində Ön Asiya bəbirinə təbii şəraitdə beş-yeddi ildən bir, bu yarımnövün ayrı-ayrı fərdləri həmin ərazilərə daxil olduğu vaxt təsadüf etmək mümkündür.
Artıq bir neçə ildir Rusiyada bu yarımnövün nəslinin artırılması üzrə proqram həyata keçirilir. Bunun üçün 2009-cu ildə Soçidə mərkəz açılıb. Hazırda həmin mərkəzdə 18 bəbir saxlanılır. 2016-cı ilin iyulunda iki dişi bəbirin hər birinin üç balası doğulub. Mütəxəssislərin hesablamalarına görə, xüsusi mühafizə olunan təbiət əraziləri Qafqazda Ön Asiya bəbirlərinin populyasiyasının inkişaf etdirilərək 100 fərdə çatdırılmasına şərait yaradır.