SİYASƏT
Riqada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilmişdir
Riqa, 30 dekabr (AZƏRTAC). Dekabrın 30-da Riqada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan səfirliyinin, Latviyadakı Azərbaycan diasporunun təmsilçiləri, rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə azərbaycanlıların həmrəyliyi himni səslənmiş, habelə “Dədə Qorqud” filmindən kadrlar nümayiş etdirilmişdir.
Səfir Elman Zeynalov tədbir iştirakçılarını Həmrəylik Günü münasibətilə təbrik edərək, ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini xatırlatmış, hamını Azərbaycanın inkişafı və tərəqqisi naminə sıx birləşməyə çağırmışdır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
Latviya Seyminin deputatı Aleksandr Sakovski Latviyanın Azərbaycan icmasına bundan sonra da inkişaf və tərəqqi arzulayaraq demişdir: “Biz icmanın gələcək inteqrasiyasının daha yüksək səviyyədə həyata keçirilməsinə hər cür səy göstərəcəyik”. A.Sakovski Yeni il ərəfəsində hamıya uğurlar və firavanlıq arzulamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa departamentinin rəisi İlham Məmmədov iştirakçıları bayramlar münasibətilə təbrik edərək demişdir ki, Latviyadakı Azərbaycan diasporunun son illər müşahidə olunan fəallığı, yüksək mütəşəkkilliyi onun ən fəal icmalardan biri olması barədə fikir yürütməyə əsas verir. Azərbaycan icması Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayında qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirir.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan “Azəri” cəmiyyətinin sədri Ulduzxan Məmmədov demişdir: “Bu bayramı bütün azərbaycanlılara məhz ulu öndər bəxş etmişdir”.
Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısı Roman Əliyev demişdir ki, 2011-ci il Latviyadakı Azərbaycan diasporu üçün əlamətdar ildir, çünki bu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin Riqaya səfəri olmuşdur. Həmin səfər iki ölkə arasında münasibətlərin inkişafına bütün sahələrdə yeni təkan vermişdir. 2011-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin 20 illiyini qeyd etmişdir. Bu, həmçinin işıqlı gələcəyə doğru iri addımlarla irəliləyən, yeni Azərbaycanın tarixində əlamətdar hadisədir.
Bayram tədbirində Azərbaycan musiqisi səslənmiş, müsabiqələr təşkil edilmiş, hədiyyələr təqdim olunmuş, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından səhnəciklər göstərilmişdir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa