İDMAN
Romada dinlərarası sülhyaratma matçı keçiriləcək
Romadakı Olimpiya stadionunda keçiriləcək matçda müsəlman, xristian, induist, buddist, yəhudi və digər dinləri və mədəniyyətləri təmsil edən futbolçulardan ibarət iki komanda qarşılaşacaq. Görüş İtaliya telekanalları ilə translyasiya olunacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, pontifikin dəvəti ilə idmançılar matçdan əvvəl Vatikana gedəcəklər. Lakin bu möhtəşəm idman tədbirinin təşəbbüsçüsü kimi çıxış etmiş pontifik özü matça gəlməyəcək.
Rektoru argentinalı yepiskop Marselo Sançes Saronda olan Papa Elmlər Akademiyası matçın təşkilinə kömək edib. Matçın təşkilatçısı isə Argentina yığmasının və Milanın “İnter” komandasının sabiq kapitanı Havyer Dzanettidir. İtaliya sənaye nəhəngləri Fiat, Firelli şirkətləri, habelə Beynəlxalq Futbol Federasiyası və (FİFA) və İtaliyanın bir sıra kütləvi informasiya vasitələri, o cümlədən Rai, Ansa agentlikləri və “Vatikan radiosu” bu oyuna sponsorluq edəcəklər.
Papa Fransiskin ən yaxın əməkdaşlarından biri olan Gilyermo Karçeri tədbirin təqdimat mərasimində çıxış edərək bildirib ki, Papa Fransisk hələ Buenos-Ayresin arxiyepiskopu olduğu dövrdə elə bir matç təşkil etmək istəyirdi ki, bəşəriyyətin diqqətini bütün siyasi və diplomatik vasitələrdən istifadə etməklə sülhü qoruyub saxlamaq probleminə cəlb edə bilsin.
Bu ilin yayında isə Roma Papası ilə Havyer Dzanettinin qeyri-rəsmi görüşündə həmin ideya real cizgilər kəsb edib.
Bildirilir ki, futbolçular əyinlərinə müxtəlif rənglərlə və müxtəlif dillərdə “Sülh” sözü yazılmış maykalar geyinəcəklər.