MƏDƏNİYYƏT
RUDOLF İVANOV: “BASQIN” KİTABI ÜZƏRİNDƏ İŞLƏMƏK DAHA ÇƏTİN İDİ”
Moskva, 14 aprel (AZƏRTAC). Azərbaycanın Moskvadakı səfirliyində Heydər ƏLiyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə tanınmış Rusiya tarixçisi və publisisti Rudolf İvanovun “Basqın” kitabının təqdimatı olmuşdur. Kitab bolşeviklərin qədim Naxçıvanda törətdikləri vəhşiliklərdən danışır. Burada Naxçıvan diyarının 1920-1926-cı illər tarixi arxiv sənədləri və qəzet məqalələri əsasında təsvir olunur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu böyük zəhmət bahasına ərsəyə gəlmiş, həm tarix, həm də gələcək nəsillərin qarşısına böyük məsuliyyət qoyan belə bir kitabın işıq üzü görməsinin yüksək əhəmiyyət daşıdığını vurğulamışdır. Sovet ideologiyası çərçivəsində bir çox tarixi faktlar təhrif olunur, sovet ideoloqlarının istədiyi kimi yazılırdı. Sirr deyil ki, indi arxivlər açılır, bir çox tarixi faktlar üzə çıxır. Bu, çox çətin, dialektik və təbii prosesdir. Həmin prosesləri yeni nöqteyi-nəzərdən qiymətləndirəcək yeni nəsil yetişəcəkdir. Bunun üçün faktik material, o cümlədən indi əlimizdə olan kitab lazım gələcəkdir”.
Rusiya Dövlət Arxivindəki materiallardan istifadə edərək, bu kitabı ərsəyə gətirməsindən söz açan Rudolf İvanov etiraf etmişdir ki, “Basqın” üzərində işləmək əvvəlki 29 kitab üzərində işləməkdən daha çətin olmuşdur. Mən Azərbaycanın çiçəklənən kiçik parçasının - Naxçıvan adlı torpağın tarixinə və bu gününə müraciət edəndə həmişə həyəcanlanır, xoş hisslər keçirir, məsuliyyət hiss edirəm.
Kitabda 1920-ci ildə daşnak Ermənistan qoşunlarının dinc Naxçıvan diyarını viran qoymasından, məhsulu və ərzaq ehtiyatını məhv etməsindən, bolşeviklərin burada törətdikləri talanlardan ətraflı danışılır. Lakin məğrur Naxçıvanı fəth etmək onlara müəssər olmur. 1924-cü ildə diyar Azərbaycanın protektoratı altında Naxçıvan Sovet Sosialist Respublikası statusu alır. 1925-ci ilin martında Az.SSR daxili işlər xalq komissarı M.Bağırovun sədrliyi altında qeyri-məhdud səlahiyyətli xüsusi komissiya Naxçıvana göndərilir. Müəllif xronoloji qaydada həmin illərin hadisələrini və onların ağır nəticələrini təsvir edir.
Kitabda repressiya olunmuş adamların qara siyahılarından, məlum məruzədən də danışılır. Məruzədə 160 arxiv materialı və dərc olunmuş materiallar, o cümlədən mətbuatda gedən rəsmi məlumatlar tam, yaxud qismən verilmişdir.
Qeyd edək ki, R.İvanov 29 kitabın, 200-dən çox məqalənin və tarixi oçerkin müəllifidir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva