İDMAN
Rusiya atletləri Azərbaycan mətbəxinə üstünlük verirlər
![Rusiya atletləri Azərbaycan mətbəxinə üstünlük verirlər](/files/2015/2/1200x630/14344747091169836991_1200x630.jpg)
Moskva, 16 iyun, AZƏRTAC
Rusiya atletlərinin çoxu birinci Avropa Oyunlarının bütün idmançılarının yediyi adi yeməkxanaya deyil, Azərbaycan mətbəxi yeməklərindən ibarət əlavə yeməkxanaya üstünlük verirlər. Bu barədə güllə atıcılığı üzrə Rusiya yığmasının nümayəndəsi, dünya çempionatının gümüş mükafatçısı Nazar Luqinets Rusiyanın TASS agentliyinə müsahibəsində söhbət açıb.
O deyib: “Hələlik Azərbaycan mədəniyyəti ilə tanış olmağa macal tapmamışıq. Əvəzində bu ölkənin ləziz mətbəxini sevmişik. Bu ləzzəti düz Rusiya korpusunun qarşısında yerləşən yeməkxanada almışıq. Təkcə güllə atıcıları deyil, bizim uşaqların hamısı orada yeməyə çalışır. Təşkilatçılar sağ olsun. Burada əti, xüsusilə qoyun ətini çox gözəl hazırlayırlar. Yerli çaya isə söz ola bilməz! Yəqin ki, ancaq Kazandakı Universiada zamanı belə dadlı yeməklər vardı. Biz həmin yeməkxananı indiyədək xatırlayırıq”.
İdmançı bildirib ki, pəhriz saxlayanlar üçün belə bolluq içində olmaq çətindir: “Əsas yeməkxanada yaxşı pəhriz yeməkləri var, orada hər şey yetərincə duzsuz və yağsızdır. Amma mənim üçün qorxusu yoxdur. Məmnuniyyətlə bir neçə kiloqram kökələrdim. Biz atıcılar əbəs yerə ağırlaşdırıcı forma geyinmirik. Məsələn, botinkalarımın çəkisi 2,5 kiloqramdır, gödəkcəm ilə şalvarım isə ən azı yeddi kiloqram ağırlığındadır. Amma hətta belə ağır təchizat ilə də mükəmməl nəticə göstərmək çox çətindir”.
TASS xəbər verir ki, Bakıda oynanılan Olimpiya lisensiyalarının sayına görə güllə atıcılığına çatan idman növü yoxdur. İdmanın bu növündə Rio-de-Janeyro Olimpiadasına 19 lisenziyadan 15 birbaşa lisenziya oynanılacaq. Hazırda rusiyalı idmançılar 30 mümkün lisenziyadan 11-nə sahib olublar. Onlar kişilər arasında pnevmatik tüfəngdən və pnevmatik tapançadan atıcılıq üzrə Olimpiya yarışlarında iştiraklarını artıq təmin ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva