RUSİYA CƏLBEDİCİ İDEYALAR İRƏLİ SÜRMƏKLƏ QONŞULARINA ƏMƏKDAŞLIQ TƏKLİF ETMƏLİDİR
Beynəlxalq Siyasi Ekspertiza İnstitutunun direktoru Yevgeni Minçenko AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Rusiya ənənəvi geosiyasi şəraitdə hərbi-siyasi qarşıdurmada qalib gələ bilməz, buna görə də öz mənafelərini yeritmək üçün geosiyasi və geomədəni metodlardan istifadə etməlidir. Onun fikrincə, yeni geosiyasi şəraitdə Rusiya dünyaya yeni və cəlbedici ideyalar təklif edə bilər və etməlidir. Y.Minçenko demişdir: “Aydındır ki, Rusiya geoiqtisadiyyat sahəsində ziyanın bölünməsi deyil, birgə qazanc əldə edilməsi baxımından, keçmiş sovet məkanı üçün iqtisadi əməkdaşlıq və inteqrasiyaya dair cəlbedici təkliflər irəli sürə bilər və irəli sürməlidir”. O əmindir ki, bu istiqamətlərdən biri xarici ekspansiya, habelə Birlik ölkələri ilə məhz yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün layihələr axtarılması ola bilər. Politoloq demişdir: “Hesab edirəm ki, 2020-ci ilədək inkişaf strategiyasının birgə işlənib hazırlanmasına qonşularımızın da cəlb edilməsi zəruridir”.
Y.Minçenko geomədəni əməkdaşlığa toxunaraq demişdir: “Bizə cəlbedici ideyalar lazımdır. Onun elementlərindən biri inkişaf etmiş innovasiya texnokratizmi, MDB-də vahid təhsil məkanının yaradılması ola bilər. Biz Rusiyada postsovet elitası nümayəndələrinin təhsil almasını təşkil etməli, onların Rusiya korporasiyalarında və hətta dövlət müəssisələrində işləmələri üçün şərait yaratmalıyıq. Ən əsası isə, fundamental təbliğat vasitələrinin - kitabların və filmlərin köməyi ilə Rusiyanın müsbət obrazının formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılmalıdır.”