DÜNYA
Rusiya Federal Məclisinin Dövlət Dumasına növbəti seçkilər keçirilir
Moskva, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Rusiya Federal Məclisinin Dövlət Dumasına növbəti seçkilər keçirilir. Ölkə vətəndaşları Dövlət Dumasının beş il işləyəcək altıncı heyətini seçirlər.
Moskva vaxtı ilə saat 08:00-da 96 mindən çox seçki məntəqəsi açılmışdır. Ölkənin hüdudlarından kənarda isə 369 seçki məntəqəsi fəaliyyətə başlamışdır.
Müasir Rusiyanın tarixində ilk dəfə olaraq Dövlət Dumasına deputat seçkilərinə qeydə alınmış bütün siyasi partiyalar - “Vahid Rusiya”, “Kommunist partiyası” (RFKP), “Liberal-demokrat” (RLDP) və “Ədalətli Rusiya” parlament partiyaları, habelə aşağı palatada təmsil olunmamış “Yabloko”, “Haqq işi” və “Rusiya vətənpərvərləri” partiyaları buraxılmışlar.
Dövlət Dumasının deputatları proporsional sistem üzrə - siyasi partiyalar tərəfindən irəli sürülmüş namizədlərin siyahıları üzrə seçilir. İlk dəfə olaraq, bir və ya iki deputat mandatı əldə etmək üçün partiyalar seçicilərin səslərinin 5-6 faizini, parlamentdə tam nümayəndəlik üçün isə 7 faizindən çoxunu toplamalıdırlar. Seçkilərin keçirilməsi üçün 111,7 milyondan çox seçki bülleteni çap olunmuşdur. Saxtalaşdırılma hallarının qarşısını almaq məqsədilə bülletenlər xüsusi marka ilə təchiz edilmişdir. Rusiyanın 10 regionunda bülletenlər rus dili ilə yanaşı, həm də subyektlərin milli dillərində çap olunmuşdur. Bundan başqa, seçki günü daimi qeydiyyat yerindən kənarda olan vətəndaşların səsverməsi üçün 2,6 milyon uçotdançıxma vəsiqəsi çap edilmişdir. MSK-nın məlumatına görə, uçotdançıxma vəsiqələri 14 mühafizə dərəcəsindən və saxtalaşdırmadan 100 faiz mühafizə təminatından istifadə etməklə hazırlanmışdır.
Moskva vaxtı ilə saat 21:00-da Rusiyanın televiziya kanallarının birbaşa efirində “Seçkilər-2011” Beynəlxalq İnformasiya Mərkəzində işləyən yerli və beynəlxalq müşahidəçilərin qeydə aldığı ilk rəqəmlər açıqlanacaqdır.
Seçkilərin gedişini müşahidə etmək üçün Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla nümayəndə heyəti Moskvaya gəlmişdir. Bundan başqa, MSK-nın üzvlərindən və əməkdaşlarından ibarət nümayəndə heyəti MDB müşahidəçiləri missiyasının tərkibində də seçkiləri izləyəcəkdir.
RF MSK-in məlumatına görə, AŞPA, ATƏT, ŞƏT və MDB-nin nümayəndə heyətləri, habelə Avropa ölkələrindən, ABŞ-dan, İsraildən və bir sıra digər dövlətlərdən olan müstəqil müşahidəçilər qrupu seçkilərin gedişini izləyir. Onların seçkilərə dəvət olunması barədə təklifi Rusiyanın qeyri-hökümət təşkilatları irəli sürmüşdür. Bu təşkilatlar arasında “Vətəndaş nəzarəti” Assosiasiyası, “Rusiya Azad Seçkilər Fondu” və Rusiya Seçki Hüququ İctimai İnstitutu da vardır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri,
Moskva