DÜNYA
Rusiya Prezidenti Vladimir Putin növbəti illik mətbuat konfransını keçirir
Moskva, 19 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin növbəti illik mətbuat konfransını keçirir.
AZƏRTAC xəbər verir ki, bu il Rusiya lideri ilə görüş üçün rekord sayda - 1895 mətbuat nümayəndəsi qeydiyyatdan keçib. Ötən il bu rəqəm 1702 idi. İlk mətbuat konfransına 2001-ci ildə 500-dən bir qədər artıq jurnalist gəlmişdi. Həmin mətbuat konfransı həm də ən az - 1 saat 35 dəqiqə davam edən görüş olub. 2008-ci ilin mətbuat konfransı isə 4 saat 40 dəqiqə davam edərək ən uzunmüddətli görüş kimi yadda qalıb.
Adətən jurnalistlər Prezidentin və onun mətbuat katibi Dmitri Peskovun diqqətini cəlb etmək üçün müxtəlif üsullara əl atırlar. Məsələn, rəngarəng papaqlar taxır, əlvan plakatlar qaldırırlar. Bu il mətbuat konfransında A4 (210 mm x 297mm) formatdan böyük plakat qaldırmaq qadağan olunub. Kremlin mətbuat xidmətinin qeydiyyatdan keçmiş jurnalistlərə göndərdiyi məktubda belə plakatların çəkilişə mane olduğu bildirilib.
Mətbuat konfransı “Rossiya 1”, “Rossiya 24”, “Rusiya İctimai Televiziyası” və “Birinci kanal” telekanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva