SİYASƏT
Şabranda “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib
![](/files/galleryphoto/2017/3/1200x630/1513174984626692376_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131749845914054419_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131749842934827107_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Şabranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və rayon icra hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans baş tutub.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şabran şəhəri Heydər Əliyev Mərkəzində baş tutan konfransda rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov dini sahədə maarifləndirmə işinin təhsil müəssisələrində yüksək səviyyədə təşkil olunmasının önəminə toxunub. Yeniyetmə və gənclərin böyük əksəriyyətinin məhz məktəbdə oxuduğu dövrdə aldığı biliklər hesabına formalaşdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu yaş kateqoriyasına daxil olanlar arasında milli mənəvi dəyərlərin təbliği və ənənəvi İslam dininin düzgün çatdırılması sahəsində həyata keçirilən maarifləndirmə işi olduqca əhəmiyyətlidir.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov konfransda elektron təqdimatla çıxış edərək dünyada mövcud olan dinləri inkişaf tempinə görə müqayisə edib. O, dini zəmində baş verən münaqişələrin həlli yolunun dini həmrəylikdən keçdiyini bildirib. Bu məqsədlə də ölkəmizin hazırda dinlərarası dialoqun inkişafında mühüm addımlar atdığını diqqətə çatdırıb.
Konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinə yanaşmanın müxtəlif formaları barədə danışıb. O, cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edib. İnsanların inancına hörmət hissinin qorunmasının və təbliğ olunmasının vacib olduğunu dilə gətirib. Yeniyetmə və gənclər arasında dini maarifləndirmə prosesində bu yanaşmaya xüsusi diqqət yetirməli olduğumuzu bildirib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.