SİYASƏT
SABUNÇU SEÇİCİLƏRİ SƏSVERMƏDƏ FƏALLIQ GÖSTƏRİRLƏR
Bakı, 23 dekabr (AZƏRTAC). Paytaxtın Sabunçu rayonundakı 3 seçki dairəsinin - 26 saylı Sabunçu birinci, 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində səsvermədə səhər tezdən başlanan mütəşəkkillik gün ərzində yüksələn xətlə davam edir.
26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, saat 15.00-dək dairənin əhatə etdiyi 27 seçki məntəqəsi üzrə səsvermə hüququ olan 38 min 650 seçicinin 23,3 faizi artıq öz vətəndaşlıq borcunu yerinə yetirmişdir.
Seçkilərin gedişini izləyən yerli və xarici müşahidəçilər hələlik səsvermənin gedişində qanun pozuntusuna rast gəlmədiklərini bildirdilər.
26 saylı Sabunçu birinci seçki dairəsinin 25 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Terri Devidson demişdir ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərini izləmək üçün səfirliyimizdə bir neçə qrup təşkil edilmişdir. Mən də bu qruplardan birinin rəhbəri kimi paytaxtın Sabunçu rayonundakı seçki məntəqələrində seçkilərin gedişi ilə tanış olmuşam. Onu deyə bilərəm ki, seçki prosesi normal davam edir. Seçkilərlə bağlı yekun rəyimizi səsvermə başa çatdıqdan sonra bildirəcəyik.
27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyası katibliyinin baş məsləhətçisi Təranə Həşimova məlumat vermişdir ki, saaat 15.00-dək dairənin əhatə etdiyi 33 məntəqə üzrə adları seçici siyahılarına daxil edilmiş 45 min 918 vətəndaşdan 10 min 827 nəfəri səsvermədə iştirak etmişdir.
28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının sədri Hacıbala Babayev bildirmişdir ki, artıq 15.00-dək dairənin əhatə etdiyi məntəqələr üzrə adları seçici siyahılarına daxil eilmiş 48 min 408 seçicidən 9655 nəfəri səs vermişdir.