REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən stolüstü tennis birinciliyi başa çatıb
Naxçıvan, 3 mart, AZƏRTAC
Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən Naxçıvanda növbəti idman yarışı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində sağlamlıq imkanları məhdud 18 yaşadək oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarış bu qəbildən olan uşaq və yeniyetmələrin idmana olan marağını artırmaq, sosial reabilitasiyalarına nail olmaq və onların tennis idman növünə marağı artırmaq məqsədilə keçirilib.
Nəticələrə gəlincə, Rəfael Yusifov (Naxçıvan) oğlanlar arasında birinci olub. Cəlal Mürsəlli (Culfa) və Sahil Rzayev (Şərur) müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Qızların mübarizəsində isə Gülay Nağıyeva (Culfa) qalib olub. Şəfa Abdullayeva (Culfa) ikinci, Zəhra Məmmədova (Naxçıvan) isə üçüncü yerə layiq görülüb.
Yarışın sonunda nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Vüqar Məmmədov paralimpiya sahəsində son dövrlər atılan addımlar və yaradılan əlverişli şəraitdən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.
İlk üçlükdəki idmançılar diplomla təltif edilib, bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müvafiq tədbirlər planına əsasən, bu həftənin sonunadək Naxçıvanda bir sıra idman yarışları keçiriləcək.