Türkiyə FATF-nin “boz siyahı”sından çıxarılıb
Ankara, 28 iyun, AZƏRTAC
“Financial Action Task Force” (FATF) təşkilatı Türkiyəni beynəlxalq maliyyə sisteminin bütövlüyündə çatışmazlıqları olan ölkələrin “boz siyahı”sından çıxarıb.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə müvafiq qərar FATF-nin İdarə Heyətinin Sinqapurda keçirilən iclasının yekunları üzrə qəbul edilib.
Türkiyə ilə yanaşı, Yamayka da FATF-nin “boz siyahı”sından çıxarılıb.
Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşek sosial şəbəkələrdə Qrupun İdarə Heyətinin qərarını şərh edərək deyib: “Biz buna nail olduq!”
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz isə bildirib ki, ölkənin FATF-nin “boz siyahı”sından çıxarılması Türkiyə hökumətinin iqtisadi kursuna beynəlxalq etimadın göstəricisi və xarici investisiyaların artmasının stimuludur.
Ankara təşkilata 1991-ci ildə qoşulub və 2021-ci ildən Qrupun “boz siyahı”sında yer alıb.
FATF 1989-cu ildə yaradılıb və çirkli pulların “yuyulması” və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində qlobal standartları işləyib hazırlayan, həmçinin milli sistemlərin bu standartlara uyğunluğunu qiymətləndirən hökumətlərarası təşkilatdır.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara