CƏMİYYƏT
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müvafiq dövlət qurumlarının rəsmi və məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğısını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilmək olduğunu bildiriblər. Vurğulanıb ki, bu gün Azərbaycanda güclü, intellektual və hər an düşməni məhv edəcək cəsur gənclik yetişib, Vətən müharibəsində Azərbaycan hərbçilərinin düşmənlə döyüşlərdə göstərdikləri rəşadət və tarixi Qələbəmiz buna parlaq sübutdur.
Çıxışlardan sonra komandalar öz bacarıqlarını nümayiş etdiriblər. İlk mərhələdə komandalar təntənəli marşla sıra addımı ilə hərəkət ediblər.
Növbəti mərhələlərdə komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması üzrə mübarizə aparıblar.
Yarışda paytaxtın 11 rayon komandası birincilik uğrunda mübarizə aparıb.
Yarışın nəticələrinə görə birinci yeri Xətai rayonu, ikinci yeri Nizami rayonu, üçüncü yeri isə Sabunçu rayonu tutub.
Bakı şəhəri üzrə zona mərhələsində birinci və ikinci yerləri tutmuş komandalar respublika final mərhələsinə vəsiqə qazanıb.