MƏDƏNİYYƏT
Şahin Növrəslinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin biletləri satışa çıxarılır
Bakı, 12 oktyabr (AZƏRTAC). Məşhur caz ifaçısı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin Heydər Əliyev Mərkəzində keçiriləcək “Bayatı” adlı konsertinin biletləri oktyabrın 12-dən satışa çıxarılacaqdır.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 20-dəki konsertin biletlərinin qiyməti 30, 40 və 50 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından (Heydər Əliyev prospekti, 1), həmçinin “A+A Events” şirkətinin ofisindən (Kiçik Qala küç., 118) əldə etmək mümkündür. Biletləri Heydər Əliyev Mərkəzinin rəsmi internet saytından (heydaraliyevcenter.az) da sifariş etmək olar.
Hər hansı sualla bağlı Heydər Əliyev Mərkəzinin (012) 505 60 03, “A+A Events” şirkətinin (012) 497 21 24 telefon nömrəsinə müraciət etmək mümkündür.
“Bayatı” konsertində Şahin Növrəslinin yeni ifaları, müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənəcəkdir. Gecədə həmçinin, xüsusi qonaq, finlandiyalı müğənni Yanita (Janita) öz məşhur ifalarını təqdim edəcəkdir. Müğənni və bəstəkar Yanita 1978-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində anadan olmuşdur. ABŞ-da fəaliyyət göstərir. İndiyədək 8 albomu işıq üzü görmüşdür. Onlardan bir neçəsi Finlandiyanın “Top 40”-da yer almışdır.
Konsertə “A+A Event” şirkəti tərəfindən təşkilatı dəstək verilir.