İDMAN
Şahmat üzrə Bakı şəhər birinciliyində 119 idmançı mübarizə aparmışdır
Bakı, 20 aprel (AZƏRTAC). Şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən yarışda müxtəlif klubları təmsil edən 119 idmançı mübarizə aparmışdır.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur.
Oğlanların yarışında Kənan Qarayev birinci, Ayxan Əlizadə ikinci, Emin Kazımov üçüncü yerləri tutmuşlar. Qızlardan isə Nərminə Əliyeva birinci, Gövhər Beydullayeva ikinci, Sədaqət Abbasova üçüncü yerlərə layiq görülmüşlər. Bununla da onlar iyun ayında keçiriləcək respublika final yarışına vəsiqə qazanmışlar.
Qaliblərə BŞGİBİ-nin diplomları və xatirə hədiyyələri təqdim edilmişdir.