Şahmatçıların Naxçıvanın tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanışlığı davam etdirilir
Naxçıvan, 7 may, AZƏRTAC
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının muxtar respublikanın tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanışlığı davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti ekskursiyada şahmatçılar Naxçıvan Dövlət Xalça Muzeyində olub, muzey haqqında ətraflı məlumat alıblar.
Bildirilib ki, Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3400-ü ötüb. Onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Naxçıvan Dövlət Xalça Muzeyi xalçaçılıq sənətimizin təbliği, yaşadılması və tədqiqi sahəsində mühüm işlər görüb, muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olub. 1999-cu ilin oktyabrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması da əlamətdar hadisələrdən biridir.
Şahmatçılar “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində də olub, Naxçıvanın qədimliyini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvan ərazisində yaşayan qədim insanların istifadə etdikləri məişət əşyaları barədə məlumat alıblar. Burada qeyd edilib ki, Əlincəqalanın iki min ildən çox tarixi var. Qala I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olub, qala-şəhər kimi formalaşıb. On dörd il Əmir Teymurun qoşunlarına müqavimət göstərən qala yenilməzliyi ilə tarixə düşüb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən isə Əlincəqalada bərpa işləri aparılaraq möhtəşəmliyi özünə qaytarılıb, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb.
Qonaqlar Naxçıvan şəhərində yerləşən hədiyyələr mağazasında və “Cahan” Ticarət Mərkəzində də olublar.