Salyanın 34 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb
Salyan, 20 aprel, Mahir Babayev, AZƏRTAC
Salyanda əhalinin pulsuz tibbi profilaktik müayinəsi mütəşəkkil keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya başlanandan bu günə kimi 52 min 629 nəfər rayon sakini tibbi müayinə olunub.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsindən AZƏRTAC-a bildirilib ki, humanitar aksiya rayon üzrə 72 min 799 nəfər sakini əhatə edir. Əhalinin tibbi profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 3 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə olunur.
Rayon mərkəzi ilə yanaşı, kəndlərdə yaşayan sakinlərin də kütləvi tibbi müayinəsi uğurla davam etdirilir. Artıq 51 yaşayış məntəqəsindən 34-də tibbi müayinələr başa çatdırılıb. Müayinələr zamanı xəstəlik aşkarlanan 3438 nəfər ambulator, 87 nəfər stasionar müalicəyə cəlb olunub. 25 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 75 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.