REGİONLAR
Salyanın ümumtəhsil məktəblərində 90 məktəbəhazırlıq qrupu yaradılıb
Salyan, 4 dekabr, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin məktəbəhazırlıq qrupları ilə bağlı müvafiq əmrinə əsasən, Salyanın 50 ümumtəhsil məktəbində 90 məktəbəhazırlıq qrupu yaradılıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məktəbəhazırlıq qruplarına sənədlərin qəbulu avqustun 15-dən sentyabrın sonunadək aparılıb. Qruplarda məşğələləri aparmaq üçün təcrübəli ibtidai sinif müəllimləri müəyyənləşdirilib və onlar təlim kurslarına cəlb olunublar. Oktyabr ayından fəaliyyətə başlayan məktəbəhazırlıq qruplarından ikisində tədris rus dilində aparılır.
Məktəbəhazırlıq qrupların yaradılması həm uşaqları hər hansı hazırlıq məşğələlərinə aparmaqdan azad edir, həm də onların məktəbə adaptasiyasını asanlaşdırır.
Xatırladaq ki, ümumilikdə rayonda 1838 azyaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub ki, bu da Salyanda gələn dərs ilində birinci sinfə gedəcək uşaqların 90 faizini təşkil edir.