Samuxda Milli Qəhrəman Eltun İsgəndərovun xatirəsi anılıb
Samux, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC
2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşdə bir neçə cinayətkarı məhv edən Eltun İsgəndərov döyüş zamanı cinayətkarlardan birinin sərhədçilərin dayandıqları mövqeyə qumbara atdığını görüb. O, dərhal özünü qumbaranın üzərinə ataraq həyatı bahasına olsa da əsgər və zabitlərimizi xilas edib. Bu qəhrəmanlığı ilə cəsur Eltun İsgəndərov Azərbaycan oğullarının Vətən uğrunda lazım gələrsə, canlarından keçə biləcəyini sübut edib və gənc nəsillərə əsl nümunə olub.
AZƏRTAC xəbər verir ki, Samux rayonunda Milli Qəhrəman Eltun İsgəndərovun xatirəsi anılıb.
Əvvəlcə tədbir iştirakçıları Əhmədbəyli kənd şəhidləri qəbiristanlığında qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.
Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Eltun İsgəndərovun hər kəsə örnək ola biləcək qəhrəmanlığından söz açıb. Bildirilib ki, 2009-cu il iyunun 25-də Eltun İsgəndərov ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun hər kəsə nümunə ola biləcək qəhrəmanlığı ilə fəxr etdiyini və Azərbaycanda Eltun kimi vətənpərvər oğlanların sayının minlərlə olduğunu vurğulayıb. Milli qəhrəmanın atası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra Milli Qəhrəmanın qardaşı Elvin İsgəndərov çıxış edərək deyib: “Bu gün fərəh hissi duyuram ki, qardaşımın məzarı önündə xidməti geyimdə əsl sərhədçi kimi dayanmışam. Bundan sonra da çalışacam ki, qardaşım Eltun kimi xidmətimi şərəflə yerinə yetirim”.
Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın igidliyindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.