San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş
Bakı, 19 may, AZƏRTAC
ABŞ-də səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kaliforniyanın San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçiriblər.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Komitənin fəaliyyəti, diaspor təşkilatlarını birləşdirən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər layihələr barədə məlumat verib. O, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi fikirləri xatırladaraq, ABŞ-dəki azərbaycanlıların mədəni irsin və dilin qorunmasında rolunu vurğulayıb. Həmçinin Vətən müharibəsi dövründə göstərilən fəallığa görə Kaliforniya diasporuna təşəkkür edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov Kaliforniyadakı icmamızın fəallığını yüksək qiymətləndirib. Bildirib ki, azərbaycanlıların əksəriyyəti San-Fransisko, San-Xose və ətraf ərazilərdə yaşayır, gənclər isə əsasən elm və İT sahələrində çalışır.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Nurlan Şükürlü və təsisçisi Həmid Azəri mərkəzin fəaliyyəti, əldə olunan nəticələr barədə məlumat veriblər.
Sonra Kaliforniya ştatında fəaliyyət göstərən diaspor nümayəndələri və icma fəalları təşkilatlanma istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd ediblər, Azərbaycanın maraqlarını müdafiə etməyə davam edəcəklərini bildiriblər.
Tədbirdə Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvlərindən olmuş mərhum Sevinc Kərimovanın “Birlikdə” videoçarxı və “Özünə səyahət” kitabı haqqında məlumat təqdim olunub. “Tarix dərsi” və “Qarabağ Azərbaycandır” videoçarxları da nümayiş etdirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin incəsənət üzrə direktoru Anar Allahverdiyev mərkəzin nəzdindəki rəqs və "Sounds of Fire" nağara qrupunun yerli və beynəlxalq festivallarda uğurlu çıxışlarından danışıb.
Qruplar səhnədə musiqi nömrələri ilə çıxış ediblər.