ELM VƏ TƏHSİL
“Schlumberger” şirkəti Xəzər Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 17 oktyabr (AZƏRTAC). “Schlumberger” şirkəti Xəzər Universiteti ilə əməkdaşlığı genişləndirir.
Şirkət Xəzər Universitetinin neft mühəndisliyi departamentinin neft və qaz yataqlarının modellənməsi laboratoriyasına Petrel, Techlog və OFM kimi proqram təminatlarını hədiyyə etmişdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, bu proqram təminatları neft və qaz yataqlarının sintetik geoloji-geofiziki modelinin qurulmasının, yataqların işlənmə və istismarının optimallaşdırılması üzrə aparılan tədqiqatların 2D və 3D qrafiki model təsvirinin, əks olunan və sınan dalğalar üzrə aparılan seysmik kəşfiyyat materiallarının və geoloji-mədən materiallarının keyfiyyətli emalının həyata keçirilməsində böyük əhəmiyyətə malikdir.
Qeyd olunan proqram təminatları magistratura və doktorantura təhsilinin aparılmasında böyük rol oynayacaq və onların əsasında müasir səviyyədə dissertasiya işlərinin yerinə yetirilməsi mümkün olacaqdır.
Eyni zamanda, həmin proqram təminatları bakalavr tədris proqramında da geniş istifadə ediləcəkdir. Proqramlar neft mühəndisliyinin ixtisas fənləri üzrə tələbələrin laboratoriya və layihə işlərinin yerinə yetirilməsində önəmli rol oynayacaqdır. Ona görə də ixtisas fənlərinin proqramı bilavasitə bu proqramların tətbiqi ilə hazırlanacaqdır.
Proqram təminatlarının mükəmməl istifadə edilməsi məqsədi ilə “Schlumberger” şirkəti Xəzər Universitetinin professor-müəllim heyəti üçün treninqlərin keçirilməsini planlaşdırır.